Rusiya prezidenti ABŞ-ni Ukrayna münaqişəsini qlobal qarşıdurmaya çevirməkdə günahlandırıb və Ukraynaya silah verən ölkələrin “güzgü cavabı” alacağı ilə hədələyib. Bir qayda olaraq, uğurlu sınaqdan sonra yeni silahların seriyalı istehsalı başlayır. Buna əsasən, Rusiya prezidenti ABŞ və Böyük Britaniyaya, təbii ki, ilk növbədə Ukraynaya xəbərdarlıq edib ki, müharibə uzanarsa, o, yeni raketlərdən, ekstremal hallarda isə taktiki nüvə silahlarından istifadə edəcək.
“Oreşnik” raketinin istifadəsi ilə bağlı Kreml sözçüsü iki ziddiyyətli açıqlama verib. Əvvəla, o bildirib ki, “Oreşnik” qitələrarası raket deyil, orta mənzilli raket olduğundan, Rusiyanın onun sınaqları barədə ABŞ-yə məlumat vermək kimi müqavilə öhdəliyi yoxdur. Lakin qısa müddət sonra o, ABŞ tərəfinin avtomatik rejimdə xəbərdar edildiyini deyib. ABŞ-nin Rusiyanın yeni raketinin döyüş sınağına yeni seçilmiş prezident Donald Trampın komandasının sözçüsü səviyyəsində cavab verməsi diqqət çəkir.
Sözçü Amerika xalqının ABŞ-nin qüdrətini bərpa etmək üçün yenidən Trampı seçdiyini deyib və əlavə edib ki, o, vəzifəyə gəldikdən sonra dünyada güc yolu ilə sülh bərqərar edəcək. Qərb ekspert dairələrindən belə bir fikir səsləndirilib ki, Rusiya ərazisindəki hədəfləri ABŞ raketləri ilə vurmaq imtiyazı Donald Tramp üçün danışıq resursudur, çünki Tramp Putinlə Rusiya prezidenti ABŞ-nin yeni prezidentinin nizamlama planını heç olmasa ümumi mənada qəbul edərsə, Baydenin qərarını ləğv etmək imkanını müzakirə edə bilər.
Moskva, məlum olduğu kimi, Ukrayna nizamlanması ilə bağlı “Tramp planı”nı rədd edib və Putinin iyunun 14-də elan etdiyi ilkin şərtlərin qüvvədə qalmasını israr edib. Putin “Oreşnik” raketinin təqdimatı münasibətilə etdiyi müraciətdə mövqeyini sərtləşdirərək, Rusiyanın “xüsusi hərbi əməliyyatın qarşıya qoyduğu bütün məqsədlərə” nail olacağını bəyan edib.
Moskvanın məqsədi birdir: Ukraynanın tamamilə məğlub edilməsi. Putinin hərbi “nou-hau” tətbiqinə birinci Trampın ofisi toxunub? Vaşinqtonda hakimiyyət dəyişikliyi artıq baş verib, Rusiya ilə diplomatik “pinq-ponq” hüququ seçilmiş prezidentə saxlanılıb? Trampın sözçüsü son dərəcə məsuliyyətli açıqlama verib.
İstisna deyil ki, bu, Trampın vəzifəyə başlamasına qədər Moskva və Vaşinqtonun razılığa gəlməsi üçün hələ vaxtın olması ilə bağlı diplomatik siqnaldır. Əgər bu baş verməsə, o zaman Tramp Putinlə güc dili ilə danışacaq. Əslində, ən azından ictimai müzakirə səviyyəsində Trampın Ukraynanı Putinin rəhbərliyinə təhvil verəcəyi ilə bağlı illüziyalar dağıdılıb.
Mətbuatın yazdığına görə, ABŞ-nin yeni seçilmiş prezidenti Ukrayna nizamlanması üçün kifayət qədər optimal variant təklif edir: vəziyyəti dondurmaq, döyüşən orduları ayırmaq, Ukraynanın NATO-ya üzvlük məsələsini təxirə salmaq. “Oreşnik” raketi Vaşinqtona mesajdır ki, Moskva müharibəni yalnız Kiyevin təslim olması şərti ilə dayandıracaq.
Bu, “apokalipsisə 5 dəqiqə qalıb” vəziyyətinin anonsudur, yoxsa diplomatik blefdir? Görünür, birinci ilə işimiz var.
Asif Cəfərov
Ordu.az